Uzun müddətdir ki, hamının gözlədiyi xəbər gəldi: Mercedes komandası əfsanəvi Lyuis Həmiltonla olan müqaviləni daha iki il uzatdı.
Kokpit.az xatırladır ki, britaniyalı sürücü 11 mövsümdür ki, Mercedes-də yarışır və bu zaman ərzində burada 6 titul qazanıb. Lakin onun müqaviləsi ilin sonunda başa çatırdı və hara gedəcəyi müəmmalı idi.
Mercedes-in vəziyyəti yeni reqlamentdən sonra heç də yaxşı deyil. Lyuis bundan narazı olsa da, həmişə birinci seçiminin Mercedes olduğunu demişdi. Eynilə “gümüşü oxlar” da yeddiqat Dünya Çempionunun xidmətində maraqlı idi.
Əksəriyyət düşünürdü ki, tərəflər artıq razılaşıblar və yeni müqavilənin imzalanması üçün bəzi detalların həlli lazımdır. Bu düşüncələr bu gün qətiləşib.
38 yaşlı sürücü komandası ilə yeni ikiillik müqavilə imzalayıb və 2025-ci ilin sonuna kimi peletonda olacaq.
Lyuis Həmilton: “Hər gün ən yaxşı olmaq üçün xəyallar qururuq və son 10 ildə ancaq buna fokuslandıq. Zirvədə olmaq üçün bir gecə bəs eləmir. Bunun üçün çox işləmək lazımdır. Bu komanda ilə tarixə düşmək bizim üçün şərəfdir.
Qələbəyə heç vaxt belə ac olmamışdıq. Hər uğurdan və uğursuzluqdan dərs çıxardıq. Xəyallarımızın arxasınca getməyə davam edirik. Çətinliklərə baxmayaraq, mübarizəyə davam edirik və yenə də qalib gələcəyik.
Məni həm trasda, həm də trasdan kənar dəstəkləyən komandama minnətdaram. Hekayəmiz hələ bitmətib. Birlikdə daha yaxşısını etməyə qərarlıyıq. Bunu əldə edənə qədər də dayanmayacağıq”.
Komandanın rəhbəri Toto Volff isə bunları deyib: “Lyuis ilə olan tərəfdaşlıq idman tarixinin ən uğurlularındandır. Müqavilə simvolik idi və bunu bildirmək bizə enerji verir.
Saf yarış sürücüsü kimi sahib olduğu keyfiyyətləri artıq çoxdan sübut edib. Ancaq o, bizim komandanın dirəyi və lideridir. Yenidən çempion olmaq üçün onun liderliyinə ehtiyacımız var.
Bundan başqa o, Formula1-in qlobal ulduzudur. Növbəti illərdə qazanacağımız uğurların addımlarını atmaqda bizə çox köməyi dəyəcək”.
Lyuis Həmiltonun müqaviləsi barədə detallar hələ də açıqlanmayıb.
Şərh əlavə et