Xəbəri Kokpitdə Oxuyun!

Gələn ilin təqvimi elan olunub

Çempionatın gələn il üçün olan rəsmi təqvimi Ümumdünya Şurası tərəfindən təsdiq olunub və bu gün elan edilib.

Gələn il də çempionat çox erkən tarixdə – 2 martda Bəhreyndə başlayacaq. Saxir və Ciddədə keçiriləcək ilk iki yarış ənənəyə əks olaraq bazar yox, şənbə günləri baş tutacaq ki, bu da Ramazan ayı ilə əlaqələndirilib. Lakin şənbə günü keçiriləcək daha bir yarış da var ki, bu, Las Veqas Qran Prisidir.

Mövsüm artıq alışdığımız kimi, Əbu Dabidə başa çatacaq – bu yarışla dekabrın 8-də mövsümə yekun vurulacaq.

Maraqlıdır ki, bu dəfə təqvim tərtib edilərkən uçuş sayının azaldılması məqsədilə yaxın coğrafiyalarda keçirilən yarışların eyni vaxta salınması məsələsinə daha ciddi yanaşılıb. Bu da Azərbaycan Qran Prisinin təqvimdəki yerinə ciddi təsir edib – keçən il apreldə keçirilən yarışımızın yerini Suzuka alacaq. Bakı isə ilk dəfə payızda Formula1-i qəbul edəcək. Yarışımız İtaliya Qran Prisindən 2 həftə sonra, 15 sentyabrda keçirilməlidir.

Təqvimdə yay tətili yenə avqust ayına düşəcək. Lakin bu, yeganə uzunmüddətli istirahət olmayacaq. Çünki payızda Sinqapur və ABŞ yarışları arasında da 1 aylıq fasilə var. Buna görə də ardıcıl yarışların sayı daha çox olacaq – gələn il biz 3 dəfə ardıcıl 3 həftə keçirilən yarışlara şahidlik edəcəyik.

Formula1-in başçısı Stefano Domenikali köhnə traslarla yanaşı, yeni yerlərdə yarışlar təşkil etməklə yaxşı bir balans yaratdıqlarını deyib, təqvimin təşkilində kömək edən bütün promouterlərə təşəkkürünü bildirib.

FIA prezidenti Muhamməd ben Sulayem də təqvim tərtib edilərkən həm əməkdaşların daha az yorulmasına, həm də uçuşları azaldaraq “sıfır karbon” hədəflərinə doğru daha bir addım atdıqlarını deyib.

2024-cü ilin təqvimi

S Tarix Yarış Keçirildiyi yer
1 2 mart Bəhreyn Sahir
2 9 mart Səudiyyə Ərəbistanı Ciddə
3 24 mart Avstraliya Melburn
4 7 aprel Yaponiya Suzuka
5 21 aprel Çin Şanxay
6 5 may Mayami Mayami
7 19 may Emiliya Romanya İmola
8 26 may Monako Monako
9 9 iyun Kanada Monreal
10 23 iyun İspaniya Barselona
11 30 iyun Avstriya Şpilberq
12 7 iyul Britaniya Silverstoun
13 21 iyul Macarıstan Budapeşt
14 28 iyul Belçika Spa
15 25 avqust Niderland Zandfort
16 1 sentyabr İtaliya Montsa
17 15 sentyabr Azərbaycan Bakı
18 22 sentyabr Sinqapur Sinqapur
19 20 oktyabr ABŞ Ostin
20 27 oktyabr Meksika Mexiko
21 3 noyabr Braziliya San Paulu
22 23 noyabr Las Veqas Las Veqas
23 1 dekabr Qətər Losail
24 8 dekabr Əbu Dabi Yas Marina

Elçin Zodorov

Şərh əlavə et