Xəbəri Kokpitdə Oxuyun!

Honda Aston Martin ilə əməkdaşlığını təsdiq edib

Honda and Aston Martin

Honda 2026-cı il mövsümü üçün mühərrik tədarükçüsü kimi Formula 1-ə qayıdışını və Aston Martin ilə əməkdaşlığını təsdiqləyib.

Kokpit.az məlumat verir ki, Komanda Aston Martin Aramco Honda adlanacaq və əslində yapon istehsalçısı üçün zavoda çevriləcək ki, bu da rəhbərliyin qarşıya qoyduğu məqsədə – çempionluq titulu uğrunda mübarizəyə gedən yolda güc qurğularının şassilərə optimal inteqrasiyasına imkan verəcək.

Xatırladaq ki, turboera başladıqdan 1 il sonra – 2015-də idmana qayıdan Honda ilk illərdə böyük çətinliklər yaşamışdı və motorla təchiz etdiyi McLaren komandası xal zonasına çətinliklə düşürdü. Bunun səbəbləri kimi həm bir il gecikməni, həm də o vaxt McLaren rəhbərliyinin yaponların başqa komandalara motor təchiz etmələrinə imkan verməməsini göstərmək olar.

Lourens Stroll: “Honda və Honda Racing Corporation (HRC) şirkətlərini Aston Martin Aramco Cognizant komandasında salamlamaqdan məmnunam. Biz trasda uğur qazanmaq üçün qarşılıqlı istək və eyni əzmi bölüşürük. Honda avtoidmanda uzun və təsirli tarixə malik qlobal titandır. Mən cənab Mibe və Vatanabeyə, eyni zamanda bütün HRC komandasına 2026-cı ildən etibarən bizim qarşımızda duracaq maraqlı yeni gələcəyə görə təşəkkür etmək istəyirəm”.

Toşihiro Mibe, Honda şirkətinin baş direktoru: “Formula 1-ə yenidən dönməklə bağlı qərarın əsas səbəblərindən biri, Honda-nın karbon emissiyalarının azaldılması və hibridlərin inkişafına diqqət yetirməsi idealogiyası ilə Formula 1-in ətraf mühitə daha az zərər vurmaq idealogiyasının üst-üstə düşməsidir. Honda çətinliyə tab gətirməyi və qalib gəlməyi bilir. Yeni 2026-cı il qaydalarına əsasən, yığcam, yüngül və güclü elektrik mühərriki və enerji idarəetmə texnologiyaları qələbənin açarı olacaq. İnanırıq ki, bu işdən əldə edilən nou-hau texnologiyası birbaşa istehsal etdiyimiz elektrik nəqliyyat vasitələrinə tətbiq oluna bilər.

Honda və yeni partnyorumuz Aston Martin komandası qalib gəlmək arzusunu bölüşürlər. 2026-cı il mövsümündən başlayaraq biz birlikdə çalışacağıq və Aston Martin Aramco Honda kimi titullar uğrunda vuruşacağıq. Honda markaya dəyər qatacaq olan və dünyanın ən prestijli yarış seriyasının statusunu əlində saxlayan Formula 1-də davamlılığı təmin etmək üçün, bu yeni və çətin qaydaların tətbiqi yolunda cəsarətli qərar qəbul edən FIA-ya dərin hörmət bəsləyir”.

Martin Vitmarş, Aston Martin Performance Technologies-in baş direktoru: “Mercedes əla tərəfdaş olub və olmaqda davam edir. Onlar qazanmaq istəyirlər, biz də qazanmaq üçün buradayıq – bu iki missiyada müəyyən uyğunsuzluq var, ona görə də bu qərarı verdik. Bir nömrə olmaq istəyirsənsə, Mercedes-i də məğlub etməlisən və intellektual mülkiyyət, avadanlıq və komponentlər baxımından onlardan asılı olanda belə güclü təşkilatı məğlub etmək son dərəcə çətindir.

Əvvəllər komandamız təvazökar büdcə ilə yaxşı nəticələr əldə edə bilirdisə, indi vəziyyət dəyişib. Biz qalib gəlmək istəyirik və 2026-cı ilin texniki reqlamenti yalnız komponentlərin və hissələrin tam fiziki inteqrasiyasını deyil, həm də əməliyyat prosesləri səviyyəsində tələb edəcəkdir. Tam işgüzar əməkdaşlıq olmadan qalib gəlmək mümkün deyil, ona görə də biz bu qərarı verdik və Honda kimi fantastik tərəfdaşa malik olduğumuz üçün çox şadıq”.

Elçin Zodorov

Şərh əlavə et