Xəbəri Kokpitdə Oxuyun!

Aston Marin sürücüləri Monako trasından bəhs ediblər

Monte Karlo küçələrində yarışmaq asan deyil. Stroll orada intuisiyaya güvənmək lazım olduğunu bildirir, Alonso üçün isə tras doğmadır.

Aston Martin komandası xüsusilə Alonsonun timsalında mövsümə güclü başlayıb və hazırda Mühəndislər Kubokunda ikinci yerdədir. İspan sürücü artıq 4 dəfə podiuma yüksəlməyə də imkan tapıb. Stroll isə 3 dəfə xal zonasına düşə bilib və ən yaxşı halda Avstraliyada dördüncü olub.

Fernando Alonso: “Monakodakı yarış mənim ev yarışım sayıla bilər, çünki bu trasın yaxınlığında yaşayıram. Keçən həftə yarışın ləğvindən sonra sükan arxasına qayıtmaq əladır, lakin ümid edirik ki, İtaliyada hər kəs təhlükəsiz yerdədir və yarışmamaq qərarı düzgün qərar idi. Formula 1 sürücüləri həmişə Monakonu səbirsizliklə gözləyirlər. Bu küçələrdə çıxış etmək heç nə ilə müqayisə oluna bilməz. Avtomobilin bu cür yavaş yolda necə davranacağı ilə maraqlanırıq. Bu həftə sonu düzgün parametrləri tapmaq və sürəti mümkün qədər tez yığmaq vacibdir. Monakoda ötmə çətin olur, ona görə də start düzümündəki mövqe bazar gününün nəticəsi üçün həlledici olacaq. Güclü şənbə günü keçirsək, bu həftəsonu daha bir yaxşı nəticə gözləyə bilərik”.

Ləns Stroll: “Biz trasa mümkün qədər tez qayıtmaq istəyirik, lakin eyni zamanda komandadakı hər kəs Emiliya Romanya bölgəsində fəlakətdən təsirlənən insanlar haqqında düşünməyə davam edir. Biz İmolada yarışmağı sevirik, lakin hər kəsin təhlükəsizliyi birinci yerdə olmalıdır. Yarışın ləğv edilməsi ilə bağlı düzgün qərarın verildiyini qəbul edirik.

Monako Qran Prisi digərlərindən fərqli olaraq xüsusi mərhələdir. Bu trasda əlinizdən gələni etmək və maksimum konsentrasiyanı saxlamaq vacibdir, çünki hər dövrədə təqvimdəki hər hansı digər trasdan daha çox divarlara hücum etməlisən. Monakoda uzun düzlüklər yoxdur – yalnız dar və dolama küçələrdir, buna görə də düşünməyə vaxt yoxdur – intuisiyanıza etibar etməlisiniz. Artıq qeyd etmişəm ki, belə zəngin tarixə malik trasda yarışmağı özümə şərəf hesab edirəm. Epik Monako Qran Prisi ilə bağlı çox gözəl xatirələrim var”.

 

Elçin Zodorov

Şərh əlavə et