Xəbəri Kokpitdə Oxuyun!

Tarixdə ləğv edilmiş yarışlar

İmolada yarış həftəsonunun başlamasına iki gün qalmış Formula 1 rəhbərliyi yerli hakimiyyət orqanları ilə birlikdə Emiliya Romanya Qran Prisinin ləğv olunduğunu elan edib. Bölgədə baş verən daşqınlar səbəbindən azarkeşlərin, komanda üzvlərinin və tras işçilərinin təhlükəsizliyini təmin etmək mümkün olmadığından belə bir addımın atılması zəruri olub.

Lakin bu, yarışların ləğv edilməsinin ilk halı deyil. Formula 1 tarixində Qran Prinin ləğv edildiyi 50-dən çox hal var. Bu, 1980-ci illərin ortalarına qədər daha tez-tez baş verirdi, lakin 2022-ci ilin martında Rusiya Qran Prisi üçün müqaviləyə xitam verilməsi kimi çox yaxın keçmişdən nümunələr də var.

Mərhələlərin əksəriyyəti maliyyə problemlərinə görə ləğv edilib. 1955-ci ildə Fransa, Almaniya, İspaniya və İsveçrədəki yarışların Le Mandakı faciədən sonra keçirilməməsinə qərar verilib. Lakin bəzən də yarışlardan imtinanın səbəbləri çox qəribə olub. 1983-cü ildə İsveçrə Qran Prisi Fransanın Dijon şəhərində keçirilməli idi, lakin Fransa televiziyası bir mövsümdə iki yarış göstərməkdən imtina edib və mərhələ ləğv edilib. Belə hallardan çox məşhur olan bir neçəsini təqdim edirik.

 

1957. Belçika və Niderland Qran Priləri

Bu, Formula 1-in dünyada baş verən hər şeylə necə sıx bağlı olduğunun parlaq nümunəsidir. Avropada “Süveyş böhranı” fonunda neft tədarükündə fasilələr yaranıb ki, bu da iqtisadi çətinliklərə səbəb olub. Bununla əlaqədar olaraq, Spa və Zandvurtdakı yarışların təşkilatçıları iştirakçılara mükafat ödənişlərinin azaldılması təklifi ilə komandalara müraciət ediblər, lakin rədd cavabı alıblar – nəticədə mərhələlər ləğv edilib.

Təqvimə bu yarışların əvəzinə Peskara Qran Prisi daxil edilib. İtaliya trası tarixində ilk və sonuncu dəfə Formula 1 yarışına ev sahibliyi edib. Bu, Nürburqrinqin Şimal İlməsini çempionata ev sahibliyi etmiş ən uzun tras titulundan həmişəlik məhrum etmək üçün kifayət edib.

 

1969. Belçika Qran Prisi

Spa azarkeşlər tərəfindən çox sevilən tarixi trasdır, lakin tarix boyu bir çox faciələrə də səhnə olub. 60-cı illərin sonlarında sürücülər təhlükəsizliklə bağlı narahatçılıq keçiriblər və Ceki Stüart 1969-cu ildə Belçika Qran Prisindən əvvəl trasdakı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı müraciət edib, lakin ölkənin avtoidman federasiyasının rəhbərliyi bundan imtina edib. Sürücülər Assosiasiyası buna görə yarışda iştirak etməkdən imtina etdiklərini açıqlayıblar və yarış ləğv olunub.

Təşkilatçılar növbəti il böyük təzyiqlərə görə trasa bir neçə şikana əlavə edərək yarışın təşkil edilməsinə nail olur, lakin bu, əfsanəvi trasın köhnə versiyasında baş tutan son Formula1 yarışı idi…

 

1983-1985. Nyu York Qran Prisi

Formula 1 rəhbərliyi uzun illərdir ki, Amerika bazarının çempionat üçün nə qədər vacib olmasından danışırlar. Aydın səbəblərə görə, Nyu Yorkdakı yarış təqvimdə ən çox arzulanan yarışlardan biridir, lakin bu şəhərin küçələrində yarış keçirmək heç vaxt reallığa çevrilməyib.

1980-ci illərin əvvəllərində Berni Ekklstoun yarışı təşkil etmək üçün fəal addımlar adıb və 1982-ci ildə Nyu York Qran Prisinin 25 sentyabr 1983-cü ildə keçiriləciyi elan edilib. Layihə rəhbərləri “Nyu York atmosferində Monakonun gözəlliyi və cazibəsi” vədini veriblər. Tras Kvinsdəki Flaşinq Medous – Kroun Parkdan keçməli idi, lakin 1983-cü ilin iyununda ətraf mühit fəallarının etirazları, məhkəmə çəkişmələri təhlükəsi, sponsorluq və televiziya müqavilələri uğrunda mübarizə səbəbindən yarış təxirə salınıb.

Sonrakı iki ildə yarışın Nyu Yorkda keçirilməsinə cəhdlər edilib, hər dəfə yarışın keçiriləcəyi elan da olunub, lakin oxşar səbəblərə görə hər dəfə geriyə addım atılıb və bu layihə hələ də reallaşmamış olaraq qalır…

 

1985. Belçika Qran Prisi

Formula 1 tarixindəki unikal hadisələrdən biri də 1985-ci ildə Belçika Qran Prisi ərəfəsində baş verib – yarış həftəsonu may ayının sonlarında başlayıb və sentyabrın ortalarında başa çatıb.

Yarışından əvvəl Spada asfalt örtüyü dəyişdirilib. Yarışın təşkilatçıları yağışlı şəraitdə belə yüksək ilişmə səviyyəsini saxlaya bilən yeni səthlə çox fəxr ediblər. Lakin həftəsonunun başlaması ilə məlum olub ki, yeni örtük çökməyə başlayıb və yaranmış bütün dəlikləri yamaqlamaq cəhdləri örtüyün pisləşməsinə gətirib çıxarıb. Nəticədə mərhələnin keçirilməsi təhlükəli hesab olunub və şənbə günü axşam onlar yarışın ləğv olunduğunu elan ediblər.

Mərhələnın təşkilatçıları cərimələniblər və Belçika Qran Prisi sentyabrın ortalarında keçirilib.

 

2011. Bəhreyn Qran Prisi

İdmanın siyasətdən kənar olduğu iddialarına baxmayaraq, bu ikisi həmişə bir-biri ilə sıx bağlıdır. 2011-ci ilin əvvəlində Şimali Afrika və Yaxın Şərqdə “ərəb baharı” adlanan hökumət əleyhinə nümayişlər başlayıb. Mart ayında etirazlar Bəhreynə də təsir göstərdiyindən mövsümün martın 13-nə planlaşdırılan ilk mərhələsi baş tutmayıb.

Yarışın həmin il başqa vaxt keçirilməsi barədə bir çox müzakirələr getsə də, Formula1 rəhbərliyi Saxirə bir də 2012-ci ildə qayıtmaq barədə qərar qəbul edib.

 

2020. Covid-19 pandemiyası

Formula 1 rəhbərliyi 2020-ci ildə rekord sayda – 22 yarışlıq təqvim hazırlasa da, gözlənilməz pandemiya ucbatından ona köklü dəyişikliklər etmək məcburiyyətindl qalıb. Çempionatın iştirakçıları mövsümün ilk mərhələsi üçün Melburna uçublar. Adi tanıtım tədbirləri bir gün əvvəl baş tutub, yarışçılar jurnalistlərlə danışıblar, lakin cümə axşamı McLaren-in bir neçə əməkdaşına Covid-19 diaqnozu qoyulub. Komanda yarışdan çəkilmək qərarına gəlib və cümə günü, ilk məşqin başlamasına bir neçə saat qalmış Avstraliya Qran Prisinin ləğv olunduğu açıqlanıb.

Komandalar Avropaya qayıdıb, mövsümün startı qeyri-müəyyən müddətə təxirə salınıb. Formula 1 avtomobilləri yarış trasına yalnız 2020-ci ilin iyul ayında qayıdıb. Mövsümün ilk iki mərhələsi Avstriyada Şpilberq əyalətində – Avstriya Qran Prisi və Ştiriya Qran Prisi adı altında keçirilib. Formula 1 və promouterlər altı ay ərzində keçirilən 17 yarışdan ibarət təqvim hazırlamağı bacarıblar.

Müxtəlif ölkələrdəki müxtəlif koronavirus məhdudiyyətləri səbəbindən 2020-ci ildə Avstraliya, Vyetnam, Çin, Niderland, Monako, Azərbaycan, Kanada, Fransa, Sinqapur, Yaponiya, ABŞ, Meksika və Braziliyada Qran Prilərinin keçirilməməsinə qərar verilib.

Sonrakı illərdə Çin və Vyetnam istisna olmaqla, bu siyahıdakı əksər traslar Formula 1-ə qayıdıb. Şanxaydakı yarış bu ilin aprelində baş tutmalı idi, lakin bir neçə ay əvvəl Çində qüvvədə olan məhdudiyyətlər səbəbindən yenə ləğv edilib. İndi bütün məhdudiyyətlər aradan qaldırılıb və Çin Qran Prisi 2024-cü ildə qayıtmalıdır.

Vyetnam Qran Prisinin debütü 2020-ci ildə baş tutmalı idi, lakin mərhələnin ləğvi, sonra isə Hanoy Xalq Komitəsinin sədri Nguyen Trunqın həbsi Vyetnamdakı yarış ideyasının aradan qalxmasına səbəb olub.

Elçin Zodorov

Şərh əlavə et